Ucuzluq körpüsü: Ağbənd-Kəlalə xətti bizə nə verəcək? | ŞƏRH

      Ucuzluq körpüsü:    Ağbənd-Kəlalə xətti  bizə nə verəcək?    | ŞƏRH
  25 Yanvar 2026    Oxunub:1368
İranın xarici işlər nazirinin müavini deyib ki, Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi Novruz bayramına qədər başa çatacaq. Bu, Zəngilan-Naxçıvan xəttində mövcud Culfa marşrutu ilə müqayisədə yolun təxminən 60-100 kilometr qısalması deməkdir.
Ekspet Eldəniz Əmirovun sözlərinə görə, bu fərq kağız üzərində sadə görünə bilər, amma real iqtisadi təsiri kifayət qədər ciddidir. Avtomobil daşımalarında, xüsusilə kənd təsərrüfatı məhsulları üzrə, qəbul edilən praktik yanaşmaya görə, hər 100 kilometrlik məsafə məhsulun maya dəyərinə orta hesabla 0.5-3% əlavə yük yaradır. Məhsul ucuz olduqda, həcmi böyük olduqda və ya soyuduculu daşınma tələb edildikdə göstərici 3-6 %-ə qədər yüksələ bilir.

Məsələn, 1 ton məhsulun dəyəri 1000 manatdırsa, 100 km.-lik yol daşınma xərci hesabına onu təxminən 0.8-1.5 % artırır. Eyni məsafə 1 ton məhsulun dəyəri 300-400 man. olan mallarda 2-5 %-lik təsir yarada bilir. Yəni məhsul ucuzlaşdıqca yolun hər kilometri daha ağır hiss olunur.


Bu baxımdan, marşrutun 60-100 kilometr qısalması kənd təsərrüfatı və gündəlik istehlak mallarında məhsulun maya dəyərində təxminən 0.3-3% aralığında birbaşa qənaət effekti yaradır. Üstəlik, vaxt itkisi azalır, yanacaq sərfi düşür, sürücü və texniki resurslardan istifadə daha səmərəli olur, gecikmə və məhsul itkisi riskləri zəifləyir.

“Logistika xərci məhsulun qiymətində adətən görünməyən, amma bazar davranışını müəyyən edən əsas amillərdən biridir. Məsafə qısaldıqca regionlararası qiymət fərqləri azalır, tədarük daha stabil olur və Naxçıvan istiqamətində bazarın proqnozlaşdırıla bilmə səviyyəsi yüksəlir. Bu layihənin real iqtisadi dəyəri məhz buradan başlayır. Praktikada 100 kilometrlik yol bəzən məhsulun maya dəyərində 3 faizə qədər fərq yarada bilir. Bu isə artıq bazarda hiss oluna bilən nəticədir”,- ekspert vurğulayıb.




Teqlər: Ağbənd  



Xəbər lenti